Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti test imtahanı keçirilmişdir

Ədliyyə orqanlarının layiqli gənc kadrlarla komplektləşdirilməsi məqsədilə mütəşəkkil qaydada davam etdirilən açıq müsabiqələr çərçivəsində noyabrın 16-da növbəti test imtahanı keçirilmişdir.

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birlikdə şəffaflığın təmin edilməsi üçün vahid auditoriyada - Azərbaycan Texniki Universitetinin idman sarayında keçirilmiş imtahanı yerli və beynəlxalq müşahidəçilər, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri izləmiş, həmçinin, formalaşdırılmış təcrübəyə müvafiq olaraq tədbirin gedişi Nazirliyin internet səhifəsi vasitəsilə "on-line" rejimində birbaşa yayımlanmışdır.

 

İmtahanda namizədin hüquqi biliklərini, məntiqi nəticələr çıxarmaq qabiliyyətini və ümumi dünyagörüşünü müəyyən etmək üçün verilən test tapşırığı 100 sualdan ibarət olmuşdur. Yekun nəticələrə görə 147 namizəd müvəffəqiyyət qazanmışdır.

 

Qeyd edilir ki, namizədlərin imtahanlara mükəmməl hazırlaşmalarına və yüksək nəticələrə nail olmalarına köməklik məqsədilə Ədliyyə Akademiyasında xüsusi proqram əsasında hazırlıq kursu təşkil olunmuş, test imtahanı və söhbət mərhələsində sualların hazırlanmasında istifadə olunan normativ hüquqi aktlara dair xülasə, eləcə də namizədin "Yaddaş kitabçası" onlara çatdırılmışdır.

 

Test imtahanında müvəffəqiyyət qazanmış namizədlərin nəzərinə çatdırılır ki, onlar söhbət mərhələsində iştirak etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş sənədlərini 15 gün ərzində, saat 09-dan 18-dək Ədliyyə Nazirliyinin Kadrlar idarəsinə (Bakı şəhəri, İnşaatçılar prospekti 1) təqdim etməlidirlər. Sənədlərin siyahısı nazirliyin internet səhifəsində yerləşdirilmişdir.

 

Bildiririk ki, ədliyyə orqanlarına qulluğa qəbul üçün qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən namizədlər müsabiqənin ikinci mərhələsinə buraxılacaq və onlarla fərdi qaydada söhbət aparılacaqdır.

 

Söhbətin vaxtı və yeri barədə namizədlərə əlavə məlumat veriləcəkdir.

 

Test imtahanının nəticələri haqqında Ədliyyə Nazirliyinin və TQDK-nın (www.tqdk.gov.az) internet saytlarından, eləcə də (012) 538-01-62, (012) 538-08-15 nömrəli telefonlar vasitəsilə ətraflı məlumat almaq olar.