Ədliyyə və məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılması diqqət mərkəzindədir

Mayın 23-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Lənkəranda cənub və aran bölgəsinin hakimlərinin, yerli ədliyyə işçilərinin, o cümlədən icra məmurlarının iştirakı ilə zona müşavirəsi keçirmişdir.

Müşavirədən əvvəl ədliyyə naziri və Lənkəran şəhərinin icra başçısı Taleh Qaraşov ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül dəstəsi qoymuş, ulu öndərin əziz xatirəsini dərin ehtiramla yad etmişlər.

Müşavirədə ədliyyə və məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlər və qarşıda duran vəzifələr müzakirə olunmuşdur.

Qeyd edilmişdir ki, son illər ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda həyata keçirilən genişmiqyaslı islahatlar məhkəmə-hüquq sistemini də əhatə etmiş, regionların sosial-iqtisadi inkişafına uyğun olaraq vətəndaşların müraciət imkanlarının asanlaşdırılması məqsədilə yeni regional məhkəmələr və ədliyyə şöbələri yaradılmış, bu sahədə infrastrukturun müasirləşdirilməsi, maddi-texniki bazanın gücləndirilməsi, qabaqcıl İKT-lərin tətbiqi istiqamətində davamlı tədbirlər həyata keçirilmişdir. Artıq 4 müasir məhkəmə binası istifadəyə verilmiş, 2 məhkəmə kompleksi və rayon məhkəməsi üçün yeni binaların təməli qoyularaq intensiv tikintisi aparılır.

«Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasının ölkəmiz üçün yeni inkişaf perspektivləri açdığı qeyd olunaraq, məhkəmələr və ədliyyə orqanlarında da fəaliyyətin səmərəliliyinin artırılmasının, şəffaflıq və aşkarlıq prinsiplərinin genişləndirilməsinin, müasir İKT-lərin və elektron xidmətlərin daha geniş tətbiqinin zəruriliyi vurğulanmışdır.

Nazir ölkə Prezidentinin dövlət məmurları tərəfindən etik davranış qaydalarına riayət olunması və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, bütün qərarların ədalətli olması barədə meyarlarını, vətəndaş-məmur münasibətləri ilə bağlı ciddi tapşırıqlarını diqqətə çatdıraraq bu tələblərə hakimlər və ədliyyə işçiləri tərəfindən dönmədən riayət olunmasının vacibliyini qeyd etmiş, məhkəmələrdə aparılmış monitorinqlərin nəticələri müzakirə olunmuş, qanunvericilikdə baş verən yeniliklərin, habelə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqi, peşəkarlığın artırılması, habelə əmək və icra intizamının möhkəmləndirilməsi, vətəndaşların müraciətlərinə daha həssas və qayğı ilə yanaşılması, korrupsiya hüquqpozmalarına yol verilməməsi və digər aidiyyəti tapşırıq və tövsiyələr verilmişdir.

Bununla yanaşı, məhkəmə qərarlarının vaxtında və dürüst icrası, bu zaman insan hüquqlarına ciddi riayət olunması, icra işinin yaxşılaşdırılması üzrə konkret göstərişlər verilmiş, korrupsiya, süründürməçilik, qeyri-etik davranış və digər neqativ halların yolverilməzliyi, əks təqdirdə ən ciddi intizam tədbirlərinin tətbiqi xüsusi vurğulanmışdır.

Səfər çərçivəsində nazir Lənkəranda yeni inşa olunan penitensiar kompleksə baş çəkərək tikintinin gedişi ilə tanış olmuş, müvafiq tapşırıqlarını vermişdir. Qeyd olunmalıdır ki, yeni konsepsiya əsasında beynəlxalq standartlara uyğun inşa olunan və bir neçə müəssisəni əhatə edəcək bu kompleksin istifadəyə verilməsi məhkumların hüquqlarının daha etibarlı təmin olunmasına, onların öz ailələrinə yaxın ərazidə cəza çəkmələrinə və sosial adaptasiyasına xidmət edəcəkdir.

Cənub bölgəsinə səfər zamanı həmçinin, Salyan, Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran rayonlarında yerli məhkəmə və ədliyyə orqanlarına, o cümlədən qeydiyyat, notariat və icra qurumlarına baş çəkilmiş, onların fəaliyyəti, iş şəraiti və problemləri ilə maraqlanılmış, işin səmərəliliyinin daha da yüksəldilməsi üçün aidiyyəti tapşırıqlar verilmişdir.

 

23/05/2013