Ədliyyə naziri Lənkəran şəhərində vətəndaşları qəbul etmişdir

Ölkə Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsipinin tam təmin olunması ilə bağlı tapşırıqları Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılaraq, vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinin baxılaraq həll olunması üçün müvafiq tədbirlər görülür, müasir İKT-lər və elektron xidmətlər geniş tətbiq olunur.

Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Lənkəran şəhərində mayın 24-də Heydər Əliyev Mərkəzində Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Lənkəran rayonlarından olan vətəndaşların qəbulunu keçirmişdir.

Vətəndaşların rahatlığının təmin edilməsi məqsədi ilə nazirin qəbuluna yazılış mayın 18-dən başlanılmış, bu proseduru asanlaşdırmaq üçün nazirliyin elektron xidmətlər portalında xüsusi olaraq qəbula birbaşa yazılmaq imkanı yaradılmışdır.

Gün ərzində aparılmış qəbul zamanı nazir ədliyyə orqanlarının, o cümlədən notariat, qeydiyyat və icra qurumlarının, habelə məhkəmələrin fəaliyyəti ilə bağlı hər bir vətəndaşın müraciətini, o cümlədən ərizə, şikayət və təkliflərini diqqətlə nəzərdən keçirərək, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həll edilməsi üçün dərhal qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə tapşırıqlar vermişdir.

Qəbul zamanı bölgə vətəndaşlarını narahat edən məsələlərin bir qismi elə yerindəcə öz həllini tapmış, digər müraciətlər isə hərtərəfli araşdırılaraq konkret tədbirlərin görüləcəyi bildirilmişdir.

Eyni zamanda, ədliyyə və məhkəmə fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərə baxılmış, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunmuşdur.

 

24/05/2013