Azərbaycan hüquq müdafiəçiləri Alxanlı hadisələri ilə bağlı bəyanat yayıb

Azərbaycan hüquq müdafiəçiləri Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın dinc sakinlərinin qətlə yetirilməsi ilə bağlı bəyanat yayıb.

Bəyanatda 2017-ci ilin iyul ayının 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının Füzuli rayonunun çoxsaylı mülki əhalinin yaşadığı Alxanlı kəndi məqsədyönlü şəkildə və qəsdən minaatanlardan və qumbaraatanlardan atəşə tutulması nəticəsində 1 yaş 5 aylıq uşaq Zəhra Quliyeva və onun 51 yaşlı nənəsi Sahibə Allahverdiyevanın qətlə yetirilməsi, daha bir mülki şəxs, 52 yaşlı qadın Səlminaz Quliyevanın ağır yaralanması qətiyyətlə pislənilib.

Hüquq müdafiəçiləri bəyan edir ki, bu vəhşilik Ermənistanın Azərbaycana qarşı 25 ildən artıq davam edən hərbi təcavüz və etnik təmizləmə siyasətinin tərkib hissəsidir. Ermənistan Respublikası və onun rəhbərliyi törətdiyi bu beynəlxalq cinayətlərə görə tam məsuliyyət daşıyır.

"1988-ci ildən bəri Ermənistan Azərbaycan ərazisinin 20 faizini – Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal etmiş, nəticədə 1 milyondan çox əhali öz doğma torpağından məcburən köçkün düşmüşdür. Ermənistanın hərbi təcavüzü nəticəsində 20 min azərbaycanlı həlak olmuş, 100 min nəfərdən çoxu yaralanmış, 50 min nəfər müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuş, 5 min nəfərdən çox insan isə əsir və itkin düşmüşdür. 1994-cü ildə Ermənistan ilə Azərbaycan arasında atəşkəs barədə razılıq əldə olunsa da, bu dövr ərzində Ermənistan Silahlı Qüvvələrinin hücumları və təxribatları nəticəsində Azərbaycan Respublikasının yüzlərlə hərbi qulluqçusu və dinc sakini həlak olmuşdur.

Ermənistanın beynəlxalq hüquqa zidd əməllərinə görə bu günə qədər beynəlxalq məsuliyyətə cəlb olunmaması onun cinayətkar əməllərini davam etdirməsinə şərait yaradır" -deyə bəyanatda vurğulanır.

Azərbaycan hüquq müdafiəçiləri beynəlxalq birliyi, xüsusilə BMT və digər beynəlxalq təşkilatları Ermənistan silahlı qüvvələri tərəfindən törədilən beynəlxalq humanitar hüququn ciddi pozuntularına hüquqi-siyasi qiymət verməyə, Ermənistan barəsində müvafiq sanksiyalar tətbiq etməyə, Ermənistanın təcavüzünə son qoyulması ilə bağlı zəruri addımlar atmağa, dinc sakinlərin, xüsusilə yaşlı insanların və uşaqların məqsədyönlü şəkildə öldürülməsinə laqeyd qalmamağa çağırıb.

Bəyanatı Azərbaycanın 15 tanınmış hüquq müdafiəçisi imzalayıb. Sənəd ingilis dilinə tərcümə olunaraq beynəlxalq təşkilatlara təqdim edilib.